Heydərov Rafiq Rahim oğlu, 2020-ci il 14 oktyabr tarixində Vətən müharibəsində şəhid olub. O, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunda fəaliyyət göstərmiş, vətənpərvərliyi və peşəkarlığı ilə seçilən gənclərdən biri kimi xatırlanır. 1995-ci il iyulun 1-də Bakı şəhərində anadan olan Rafiq Heydərov orta təhsilini 157 nömrəli tam orta məktəbdə alıb. 2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunaraq mühəndis ixtisası üzrə təhsil alıb və 2016-cı ildə universiteti bitirib. Daha sonra magistratura pilləsinə daxil olsa da, qısa müddət sonra hərbi xidmətə yollanıb. Rafiq Heydərov 2016-2017-ci illərdə Qusar rayonundakı “N” saylı hərbi hissədə xidmət edib. 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsində könüllü olaraq döyüşlərə qatılıb və Füzuli-Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Rafiq Heydərov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. O, İkinci Fəxri Xiyabanda dəfn edilib. Hər il oktyabrın 14-də onun doğmaları, təhsil aldığı məktəbin kollektivi, həmçinin AMEA-nın əməkdaşları tərəfindən anım tədbirləri keçirilir. Rafiq Heydərovun adı yaşadığı məhəllədə əbədiləşdirilib, məktəbində xatirə guşəsi yaradılıb.

Şəhidimizin atası, Heydərov Rahimə dərin hüznlə başsağlığı veririk.

Vətən uğrunda canından keçən qəhrəmanımız Rafiq Heydərovun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Onun timsalında Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.