1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Bu hadisə Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələ olmaqla, ölkəmizin siyasi, iqtisadi və ictimai inkişaf istiqamətlərinin hüquqi əsaslarını müəyyən etmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqillik iradəsini, azadlıq və demokratiya prinsiplərini özündə əks etdirən ali hüquqi sənəddir. Konstitusiyada dövlətin əsas prinsipləri, idarəetmə forması, vətəndaşların hüquq və azadlıqları, cəmiyyətin sosial, iqtisadi və mədəni həyatını tənzimləyən fundamental müddəalar təsbit edilmişdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və qəbul olunmuş bu Konstitusiya, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsası kimi Azərbaycanın gələcək inkişafına yön vermişdir.
Hər il 12 noyabr tarixinin Konstitusiya Günü kimi qeyd olunması, dövlət müstəqilliyimizin, milli birliyimizin və hüquqi dövlət ənənələrinin təntənəsidir.
Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətçiliyimizin daha da möhkəmlənməsini, müstəqil respublikamızın tərəqqisi və rifahı naminə hər bir vətəndaşın fəaliyyətində uğurlar arzulayır. 🇦🇿



